XƏBƏRLƏR

Cio Kristofoli: "Bakı şəhərini yeni Hyustona çeviririk"

İYUN 02, 2026

Azərbaycan gələcək onilliklər ərzində dünyanın aparıcı enerji mərkəzlərindən biri statusunu qoruyub saxlamaq potensialına malikdir. Bu fikirləri BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli 31-ci Bakı Enerji Forumunda söyləyib. “Report” onun çıxışından sitat gətirir.

Kristofoli qeyd edib ki, Xəzər hövzəsi dünyanın ən böyük karbohidrogen regionlarından biridir. Azərbaycanın potensialından danışarkən o vurğulayıb ki, ölkə dünya səviyyəli infrastruktura malikdir: dəniz obyektləri, qazma platformaları, Sanqaçal terminalı və boru kəməri sistemi ixrac marşrutlarının Qərb bazarlarına şaxələndirilməsinə imkan yaradır. Bu infrastruktur 99% etibarlılıq dərəcəsinə malikdir – bu, sənayedə ən yüksək göstəricilərdən biridir.

“Ölkə rəhbərliyi sayəsində burada həqiqətən əlverişli biznes mühiti yaradılıb. Bu genişmiqyaslı forumun keçirilməsi ölkənin biznes və investisiyaları cəlb etməkdə davam etdiyini göstərir”, – deyə Kristofoli bildirib.

O, həmçinin Azərbaycanın güclü insan kapitalını vurğulayıb. “Biz tədricən Bakını yeni Hyustona və ya yeni Aberdinə çeviririk. Bizim qazma, geologiya, kommersiya əməliyyatları və mühəndislik sahəsindəki mütəxəssislərimiz təkcə burada bizim işimizi dəstəkləmir, həm də şirkətin dünya üzrə, o cümlədən həm də şirkət daxilində həm hasilat, həm də emal sahəsində bir çox bizneslərə töhfə verir”, – BP nümayəndəsi qeyd edib.

Kristofoli vurğulayıb ki, Azərbaycanın bol resursları, qabaqcıl infrastrukturu və yüksək ixtisaslı mütəxəssisləri ölkənin uzun illər qlobal enerji sektorunda əsas oyunçu olaraq qalmasına imkan yaradır.

https://report.az/energetika/cio-kristofoli-baki-seherini-yeni-hyustona-ceviririk