XƏBƏRLƏR

BP‑Azərbaycan: “Şahdəniz”də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

İYUN 05, 2026

Hazırda “Şahdəniz” yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat həcmindədir. Bu barədə “Report” layihənin texniki operatoru olan “BP‑Azərbaycan” şirkətinin məlumatına istinadən xəbər verir.

“Hazırda yataqdan qaz hasilatı ‘Şahdəniz‑1’ və ‘Şahdəniz‑2’ layihələri çərçivəsində aparılır. İşlənmənin birinci mərhələsi də daxil olmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir”, – məlumatda vurğulanıb.

Şirkətin məlumatına görə, hazırda “Şahdəniz‑2” layihəsi üzrə ildə 17 milyard kubmetr qaz istehsal olunur.

“Mövcud ‘Şahdəniz’ obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri, yəni ildə 28 milyard kubmetri ötür”, – deyə məlumatda bildirilib.

“Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanmış və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilmişdir.

“Şahdəniz”də iştirak payları aşağıdakı kimidir: BP (operator – 29,99%), “Lukoil” (19,99%), TPAO (19%), NİCO (10%), “Cənub Qaz Dəhlizi” (16,02%), MVM (5%).

https://report.az/energetika/bp-azerbaijan-sahdeniz-de-illik-qaz-hasilati-27-milyard-kubmetr-teskil-edir