Almaniya ilə Azərbaycan əməkdaşlığın genişləndirilməsi üçün “yaşıl hidrogen” sahəsi də daxil olmaqla layihələr hazırlayır. Bu barədə “Report”a Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı fəal şəkildə genişlənir və təkcə ənənəvi istiqamətləri deyil, həm də bərpa olunan enerji mənbələrinə keçidlə bağlı yeni seqmentləri əhatə edir.
R.Horlemann qeyd edib ki, Almaniyanın üç enerji şirkəti Azərbaycan qazını almağa başlayıb – bu, əməkdaşlıqda çox müsbət inkişafdır.
“Digər tərəfdən, ‘SOCAR Green’in bərpa olunan enerji ilə məşğul olan yeni bölməsi Almaniyada çox güclü tərəfdaş tapıb. Artıq ‘yaşıl hidrogen’ sahəsi də daxil olmaqla, yeni əməkdaşlıq layihələri hazırlanır”, – deyə o bildirib.
Səfirin sözlərinə görə, xüsusi diqqət “yaşıl hidrogen”ə yönəlib. Bu sahə CO₂ emissiyalarının azaldılması və təbii qazın tədricən daha təmiz enerji mənbələri ilə əvəzlənməsi siyasəti çərçivəsində Avropanın gələcək enerji transformasiyasının əsas elementi kimi dəyərləndirilir.
R.Horlemann həmçinin vurğulayıb ki, Almaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq fəal olaraq qalır, layihələrin əhəmiyyətli hissəsi isə birgə təhsil və investisiya təşəbbüsləri də daxil olmaqla, özəl sektor, universitetlər və biznes strukturları vasitəsilə həyata keçirilir: “Almaniya təkcə Bakıda deyil, Azərbaycanın bütün ərazisində fəal şəkildə işləyəcək. Almaniya tərəfinin nümayəndələri ölkənin şəhər və regionlarına səfərlər edir. Bununla da onlar müxtəlif təşkilatlarla sıx əməkdaşlıq edərək ikitərəfli münasibətləri, o cümlədən iqtisadi sahədə əlaqələri dərinləşdirirlər.”
https://report.az/energetika/almaniya-ile-azerbaycan-yasil-hidrogen-uzre-yeni-layihe-hazirlayir-ekskluziv