XƏBƏRLƏR

OPEC+ neft hasilatı üzrə hədəf göstəricisini dördüncü dəfə artırmağa hazırlaşır

İYUN 08, 2026

OPEC+ bazar günü son dörd ayda dördüncü dəfə neft hasilatı hədəflərini artırmaq niyyətindədir. Bununla belə, ABŞ‑nin İranla münaqişəsi təşkilatın bəzi üzvlərinin hasilatı artırmasına hələ də mane olur. “Report” “Reuters”ə istinadən təşkilatdakı üç mənbəyə əsasən xəbər verir.

Qeyd olunur ki, OPEC+ üzvü olan yeddi ölkə hədəf göstəricilərini iyul ayından etibarən sutkada təxminən 188 min barel artıracaq. Bu, iyun ayındakı artımla eyni olsa da, may və aprel aylarında gündəlik 206 min barel olan artımdan – BƏƏ-nin təşkilatdan çıxması nəzərə alınmaqla – daha azdır.

Bu gün OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin iclası, nazirlərin görüşü, OPEC ölkələrinin toplantısı və “Yeddilik”in (Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan, Rusiya və Oman) görüşü nəzərdə tutulur. Mənbələrə görə, təşkilatın siyasətində heç bir dəyişiklik gözlənilmir.

Fars körfəzi ölkələrinin ixracının azalması səbəbindən OPEC-də neft hasilatı aşağı düşüb. Təşkilatın məlumatlarına əsasən, aprel ayında orta hasilat sutkada 33,19 milyon barel, fevralda isə 42,77 milyon barel təşkil edib.

https://report.az/energetika/opec-neft-hasilati-uzre-hedef-gostericisini-dorduncu-defe-artirmaga-hazirlasir