XƏBƏRLƏR

BP yeni ikiseqmentli biznes strukturuna keçəcək

İYUN 10, 2026

2026-cı il iyulun 1-dən etibarən BP üçseqmentli strukturu əvəz edərək iki ayrı biznes seqmentinə – kəşfiyyat və hasilat seqmentlərinə bölünəcək. “Report” şirkətin məlumatına istinadən xəbər verir.

Qordon Birrell kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezident təyin edilib, Riçard Hardinq isə hasilat üzrə icraçı vitse-prezident vəzifəsini icra edəcək. Hal-hazırda hasilat üzrə daimi icraçı vitse-prezident vəzifəsinə namizədlərin seçilməsi prosesi davam edir.

“İkiseqmentli model vəzifələrin dairəsini dəqiqləşdirəcək və daha sürətli, səmərəli qərar qəbulunu təmin edəcək”, – deyə şirkətin məlumatında bildirilib.

“Upstream” (kəşfiyyat və hasilat) bölməsi dünyanın ehtiyac duyduğu enerji resurslarının axtarışı, işlənməsi və istehsalı proseslərini optimallaşdıraraq BP-nin neft-qaz regionlarını – kəşfiyyat, işlənmə və hasilatı birləşdirəcək. Bu bölməyə həmçinin BP-nin kəşfiyyat və hasilat üzrə birgə müəssisələri, eləcə də bərpa olunan təbii qaz və karbonun tutulması və saxlanması üzrə qurumları daxil olacaq.

“Downstream” (emal və marketinq) seqmentində neft emalı, terminallar, boru kəmərləri, nəqliyyat, gündəlik tələbat malları, bioyanacaq, aviasiya, hidrogen və “Castrol” təmsil olunacaq. Bu, BP məhsullarının istehsalı, nəqli və satışı proseslərinin əlaqələndirilməsinə imkan verəcək.

“Təchizat, ticarət və gəmiçilik” funksiyaları hər iki seqmentdə fəaliyyətini davam etdirərək inteqrasiya olunmuş sistem çərçivəsində təchizatı və əlavə dəyər yaradılmasını dəstəkləyəcək.

Bərpa olunan enerji layihələri texnoloji seqmentə daxil ediləcək və hesabatlılıqda “digər bizneslər və korporativ məqsədlər” (“Other Businesses & Corporate”) bölməsində nəzərə alınacaq.

Yeni struktur BP-nin mövcud üç seqmentini – “Hasilat və Əməliyyat fəaliyyəti” (P&O), “Qaz və aşağı karbonlu energetika” (G&LCE) və “Müştərilər və Məhsullar” (C&P) bölmələrini əvəz edəcək.

BP cari ilin sonuna qədər köhnə təşkilati struktur üzrə hesabat verəcək, 2027-ci il yanvarın 1-dən isə yeni struktura keçəcək.

https://report.az/energetika/bp-yeni-ikiseqmentli-biznes-strukturuna-kececek