XƏBƏRLƏR

Fidan: Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi mühüm əhəmiyyətə malikdir

İYUN 12, 2026

“Azərbaycan‑Gürcüstan‑Türkiyə‑Bolqarıstan” yaşıl enerji dəhlizinin yaradılması regionun enerji təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir. Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə birgə mətbuat konfransında bildirib, “Report” xəbər verir.

O, həmçinin qeyd edib ki, energetika Türkiyə ilə Bolqarıstan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir: “Münasibətlərimiz hər il genişlənir, şaxələnir və dərinləşir”.

“Ötən il Bakıda Azərbaycan və Gürcüstanın iştirakı ilə yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində imzalanmış memorandum enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, həmin il elektrik enerjisi və enerji səmərəliliyi sahəsində imzalanmış memorandum Bolqarıstanla enerji əməkdaşlığımıza təkan verir”, – Fidan bildirib.

Xatırladaq ki, 2025-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyənin energetika nazirləri “yaşıl enerji” sahəsində əməkdaşlıq memorandumu imzalayaraq Azərbaycan‑Gürcüstan‑Türkiyə‑Bolqarıstan enerji dəhlizinin yaradılması layihəsinə start veriblər. Layihənin texniki‑iqtisadi əsaslandırmasının hazırlanmasına 2026-cı ildə başlanılacaq.

Yeni dəhliz yaşıl elektrik enerjisinin Xəzər regionundan Cənub-Şərqi Avropaya, xüsusilə Bolqarıstana, eləcə də Rumıniya və Macarıstana tədarükünü təmin edəcək.

https://report.az/energetika/fidan-azerbaycan-gurcustan-turkiye-bolqaristan-enerji-dehlizi-muhum-ehemiyyete-malikdir