XƏBƏRLƏR

Elnur Soltanov: “Enerji şəbəkəsinin modernləşdirilməsi üçün 500 milyon dollar tələb olunur”

İYUN 12, 2026

Azərbaycanda enerji şəbəkəsini müasirləşdirmək üçün təxminən 500 milyon ABŞ dolları xərclənməlidir. Bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Bakıda “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda keçirilən “Technovation” Forumunda deyib, “Report” xəbər verir.

Onun sözlərinə görə, bərpa olunan enerji ətraf mühit üçün faydalı olsa da, təbii qazı əvəz etsə də, eyni zamanda bahadır. “Biz iki giqavat bərpa olunan enerji istehsal etmək niyyətindəyik. Birləşmiş Ərəb Əmirliklərinin ‘Masdar’ şirkəti hazırda bu sahədə strateji tərəfdaşımızdır. 2027-ci ilədək Azərbaycanın 2 giqavat bərpa olunan enerjisi olacaq. Bu, böyük nailiyyətdir. Mingəçevirdə həyata keçirilən layihələrlə birlikdə – orada 2,4 giqavat gücündə ölkənin ən böyük elektrik stansiyası mövcuddur – sovet dövründən qalmış qaz turbinlərini yeniləri ilə əvəz etdik”.

Nazir müavini qeyd edib ki, artıq həmin stansiyanın səmərəliliyi 30 faiz artıb. “2027-ci ilədək inşa ediləcək bu iki giqavat, üstəlik Mingəçevirdəki modernizasiya təxminən 1,5 milyard kubmetr təbii qaza qənaət edəcək. Müəyyən mənada, sanki yeni ‘Abşeron’ qaz yatağını kəşf etdik. Bu iki giqavat bərpa olunan enerjini şəbəkə sisteminə inteqrasiya etmək üçün xərclər çox böyükdür”.

E. Soltanov vurğulayıb ki, təbii qazın böyük alternativ dəyəri var: “Bu qazı Avropa bazarlarına daha yüksək qiymətlərlə ixrac edib, sonra bu gəliri ölkə iqtisadiyyatına qaytarmaq olar. Xüsusilə bərpa olunan enerji mənbələri istiqamətində enerji balansını artırmaq bizim üçün iqtisadi cəhətdən məntiqli idi. Bu, şübhəsiz ki, ətraf mühit üçün də faydalı oldu”.

Nazir müavini əlavə edib ki, şəbəkələr çox həssas texnoloji möcüzələrdir və onlara çox ehtiyatla yanaşmaq lazımdır.